Ən çox verilən suallar

Sual: Hərbi Tibb Fakültəsində təhsil müddəti neçə ildir?

Cavab: Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil müddəti “Hərbi tibb” ixtisası üzrə – 6 il, “Stomotologiya” və “İctimai səhiyyə” ixtisasları üzrə – 5 ildir.

Sual: Peşə məktəblərində və kolleclərdə təhsilalanlar Hərbi Tibb Fakültəsində təhsil almaq üçün müraciət edə bilər?

Cavab: Tam orta təhsili başa vurmuş peşə məktəblərinin məzunları (tam orta təhsil haqqında attestatı olanlar), kolleclərin sonuncu kursunda təhsilalanlar Hərbi Tibb Fakültəsində təhsil almaq üçün müraciət edə bilərlər.

Sual: Hərbi Tibb Fakültəsində təhsil alan kursantlar üçün yaş həddi neçədir?

Cavab: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

Sual: Hərbi Tibb Fakültəsinə qəbul prosesi necə həyata keçirilir?

Cavab: Namizədlərin Hərbi Tibb Fakültəsinə qəbulu, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.

Sual: Hərbi Tibb Fakültəsinə qəbul olmaq üçün minimum keçid balı nə qədərdir?

Cavab: Qəbul ilində təhsil müəssisələrinin ehtiyaclarına uyğun olaraq qəbul balı dəyişə bilər.

Sual: Hərbi Tibb Fakültəsində hansı ixtisas qrupları üzrə sənəd qəbulu həyata keçirilir?

Cavab: Hərbi Tibb Fakültəsinə sənəd qəbulu IV ixtisas qrupu üzrə aparılır.

Sual: Hərbi Tibb Fakültəsində təhsil alan şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb olunur?

Cavab: Hərbi Tibb Fakültəsindən məzun olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçməkdən azad olunurlar.

Sual: Hərbi Tibb Fakültəsinə qəbul olan kursant təhsilini xarici ölkədə davam etdirə bilər?

Cavab: Hərbi Tibb Fakültəsində təhsil alan kursant təhsil müəssisəsinə qəbul balı və öz istəyi nəzərə alınaraq Türkiyə Respublikasında təhsilini davam etdirə bilər.